Xəbərlər

Əhəmiyyətli Hüquq Xəbərləri və Təsirlər

Ən Son Hüquq Xəbərləri ilə hüquq sahəsindəki vacib inkişafları izləyin. Yeni qanunvericilik, məhkəmə qərarları və hüquqi yeniliklər haqqında məlumat əldə edin.

Milli Məhkəmə Müsabiqəsinin 14-cü buraxılışının final mərhələsi keçirilmişdir

31 may 2025-ci il tarixində ELSA Azərbaycan tərəfindən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının maliyyə və təşkilati dəstəyi, “Abdurahimli Group” və “BM Morrison Partners” şirkətlərinin sponsorluğu ilə Azərbaycan Respublikasının Ali Məhkəməsində XIV Milli Məhkəmə Müsabiqəsinin Final mərhələsi və bağlanış mərasimi keçirilmişdir. Finalda hakim qismində Ali Məhkəmənin Mülki Kollegiyasının hakimləri Əhməd Əhmədov, Vüsalə Baxışova və Aqil Abbasov iştirak etmişlər.

Tədbir ELSA Azərbaycanın 2024/2025-ci illər üzrə Prezidenti Nazim Çələbiyevin açılış nitqi ilə başladı. O, iştirakçıları salamlayaraq final mərhələsinin Ali Məhkəmədə keçirilməsinə imkan yaratdığına görə məhkəmə rəhbərliyinə dərin təşəkkürünü bildirdi. Eyni zamanda müsabiqənin təşkilində göstərdiyi maddi və təşkilati dəstəyə görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasına, eləcə də sponsor kimi çıxış edən “Abdurrahimli Group” və “BM Morrison Partners” şirkətlərinə minnətdarlığını ifadə etdi.

Daha sonra ELSA Azərbaycanın Səhnələşdirilmiş Məhkəmə Müsabiqələri üzrə 2024/2025-ci illər üzrə Vitse-Prezidenti Ənvər Hüseynov çıxış edərək iştirakçıları və dəvət olunmuş qonaqları salamladı. O, müsabiqəyə göstərilən marağa və iştiraka görə təşəkkürünü bildirdi.

Tədbir çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Aparat rəhbəri Orxan Babayev də çıxış edərək hüquq tələbələrinin bu cür simulyasiya xarakterli məhkəmə proseslərində iştirakının onların gələcək peşə fəaliyyətləri üçün mühüm təcrübə qazandırdığını vurğuladı. O, Vəkillər Kollegiyasının bu kimi təşəbbüsləri hər zaman dəstəklədiyini və dəstəkləməyə davam edəcəyini qeyd edərək final mərhələsində iştirak edən komandaların hər birinə uğurlar arzuladı.

Ardınca “Abdurrahimli Group” şirkətinin təsisçisi və direktoru Yusif Abdurahimli çıxış edərək ELSA Azərbaycana dəvət üçün təşəkkür etdi, tələbələrə uğurlar arzuladı və hüquq təhsilində nəzəri biliklərlə yanaşı praktik biliklərin də əhəmiyyətini önə çəkdi. O, rəhbərlik etdiyi şirkətin gənclərin inkişafına yönəlmiş bu kimi təşəbbüsləri hər zaman dəstəklədiyini vurğuladı.

Tərəfdaş şirkətlərdən olan “BM Morrison Partners” şirkətinin inzibati işlər üzrə direktoru Fidan Əsədzadə da tədbirdə çıxış edərək ELSA Azərbaycan ilə əməkdaşlıqdan məmnunluğunu ifadə etdi. O, layihənin bir hissəsi olduqları üçün qürur duyduqlarını bildirərək şirkətin fəaliyyəti barədə məlumat verdi və final mərhələsində ikinci yeri tutacaq komandanın “BM Morrison Partners” şirkətində təcrübə proqramına qatılmaq imkanı qazanacağını elan etdi.

Daha sonra isə səhnələşdirilmiş məhkəmə prosesinə keçid edilmişdir. Final mərhələsində Bakı Dövlət Universitetinin III kurs tələbələrindən ibarət “Lex Fortis” və “Oxu, Tar” komandaları qarşılaşdılar. Gərgin və yüksək səviyyəli debatların fonunda keçirilən finalın nəticəsində “Lex Fortis” komandası – Fidan Quliyeva və Xumar Sadıqzadə – birinci yerə layiq görüldülər.

İkinci yerə isə “Oxu, Tar” komandası – Toğrul Yadigarov və Həcər Məlikova – layiq görüldülər. Eyni zamanda, Həcər Məlikova müsabiqənin “Ən yaxşı natiq”i adına layiq görüldü.

Komanda çıxışlarının hüquqi əsaslandırma, arqumentasiya və məhkəmə nitqi bacarıqları baxımından qiymətləndirildiyi müsabiqədə “Lex Fortis” komandası “Ən yaxşı iddiaçı”, “Oxu, Tar” komandası isə “Ən yaxşı cavabdeh” nominasiyalarının qalibi oldu.

Tədbirin sonunda Ənvər Hüseynov ELSA Azərbaycanın fəaliyyətinə daim dəstək göstərən ELSA Azərbaycanın Məzunlar Cəmiyyətinə təşəkkürünü bildirərək, 2015/2016-cı illər üzrə Səhnələşdirilmiş Məhkəmə Müsabiqələri üzrə Vitse-Prezident olmuş, hazırda Azərbaycan Respublikasının Baş Prokurorluğunda Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin prokuroru Murad Bayramlını səhnəyə dəvət etdi. Murad Bayramlı çıxışında tədbirdə iştirakdan məmnunluğunu dilə gətirərək, illər öncə bu müsabiqədə yaşadığı təcrübələri bölüşdü və Ali Məhkəmədə bu cür təşəbbüslərin reallaşmasına göstərilən dəstəyi yüksək qiymətləndirdi.

Hər iki komandaya pul mükafatı (I yer – 500 AZN, II yer – 250 AZN), sertifikatlar və kuboklar təqdim edilmiş, I yerə layiq görülmüş komandanın üzvləri “Abdurrahimli Group” şirkəti tərəfindən Londona təhsil səfəri üçün viza dəstəyi və ödənişsiz TOLES kursu, II yerə layiq görülmüş komandanın üzvləri isə “BM Morrison Partners” şirkətində təcrübə keçmək imkanını qazanmışlar.

Əlaqəli Xəbərlər