Seminarlar & Konfranslar

Hüquqi bilikləri praktiki təcrübə və qlobal perspektivlərlə birləşdiririk

Komandanın Missiyası və Fəaliyyət Sahəsi

Seminarlar və Konfranslar (bundan sonra S&C) komandası ELSA-nın əsas komandalarından biridir. S&C komandası başlıca olaraq beynəlxalq mədəni mübadilə, əməkdaşlıq, şəbəkənin inkişafına yönəlmiş və hüquqi biliklərin artırılmasına yönəlmiş layihələr təşkil etməklə hüquq tələbələri və gənc hüquqşünasların qarşılıqlı əlaqəsinə və hüquqi təhsilinə töhfə vermək məqsədi daşıyır. Seminarlar və Konfranslar komandasının rəhbəri ELSA Azərbaycan təşkilatının Seminarlar və Konfranslar üzrə Vitse-Prezidentidir.

Seminarlar və Konfranslar layihələri dedikdə, iştirakçıların mühazirələr, panel müzakirələri, seminarlar, konfranslar, Təhsil Səfərləri, Təşkilati Səfərlər, vebinarlar, deleqasiyalar, hüquq məktəbləri və ya ilk öncə verilmiş tərifin əhatə dairəsinə düşən digər fəaliyyətlər vasitəsilə bilik və bacarıqlar əldə etdiyi təşəbbüslər nəzərdə tutulur.

Bu layihələr vasitəsilə hüquq tələbələri və gənc hüquqşünaslara universitet proqramlarında nadir hallarda əhatə olunan mövzuları öyrənmək, müxtəlif ölkələrdən olan gənc hüquqşünaslar ilə təcrübə mübadiləsi aparmaq və qlobal hüquqi tendensiyalarla tanış olmaq imkanı yaradılır. Eyni zamanda, bəzi S&C layihələri yalnız akademik hissə ilə məhdudlaşmır, layihələr mədəni və sosial proqramlarla zənginləşdirilir, bu da iştirakçılara fərqli mədəniyyətləri yaxından tanımaq, beynəlxalq əlaqələr formalaşdırmaq imkanı verir.

ICC seminar scaled

ELSA Hüquq Məktəbləri

SELS Logo

SELS Baku on Business Law

Biznes hüququna həsr olunmuş ELSA Yay Hüquq Məktəbi (SELS Baku) illərdir ki, ELSA Azərbaycanın akademik və peşəkar mühitində xüsusi yer tutan ənənəvi beynəlxalq layihələrdən biridir. Layihə hər il Avropanın müxtəlif ölkələrindən təxminən 40 hüquqşünas tələbəni bir araya gətirir və 1 həftə boyunca onlara biznes hüququnun aktual istiqamətləri üzrə həm nəzəri, həm də praktiki biliklər əldə etmək imkanı verir. SELS Baku həm akademik dəyər, həm də geniş beynəlxalq şəbəkələşmə imkanları təqdim etməsi ilə fərqlənir. Eyni zamanda, sosial və mədəni proqramlar vasitəsilə iştirakçılar Azərbaycan mədəniyyəti ilə tanış olur.

Hazırda ELSA Azərbaycan SELS Baku-nun X – yubiley buraxılışına hazırlıq mərhələsindədir. Hər buraxılış geniş şəkildə planlaşdırılan akademik proqram və müxtəlif sosial-mədəni tədbirlərlə zənginləşdirilir, iştirakçılara Azərbaycanı həm hüquqi, həm də mədəni baxımdan dərindən tanımaq imkanı yaradır.

Layihə illər ərzində Azərbaycan Respublikası Gənclər Fondu, Azərbaycan Respublikası Vəkillər Kollegiyası, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA), “KPMG Law Azerbaijan”, “PwC Azerbaijan”, “Turan Legal and Tax Services”, “BM Morrison Partners”, “Dentons Europe (Central Asia) Limited” Bakı filialı, “Legalize”, “EKVİTA”, “BHM Hüquq Şirkəti”, “Alliance Legal Center”, eləcə də “Coca-Cola Azərbaycan”, “Sirab”, “Berg Tea”, “Harika” və Bravo kimi aparıcı hüquq və korporativ tərəfdaşlarla əməkdaşlıq etmişdir.

WELS Logo

WELS Gabala on Contract Law

Müqavilə hüququna həsr olunmuş ELSA Qış Hüquq Məktəbi (WELS Gabala) illərdir ki, ELSA Azərbaycanın akademik və peşəkar mühitində xüsusi yer tutan ənənəvi beynəlxalq layihələrdən biridir. Layihə hər il Avropanın müxtəlif ölkələrindən təxminən 20 hüquqşünas tələbəni bir araya gətirir və layihədə 1 həftə boyunca iştirakçılara müqavilələrin hazırlanması, tənzimlənməsi və hüquqi ekspertizası ilə bağlı həm nəzəri, həm də praktiki bilikləri təqdim edilir. Həmçinin sosial və mədəni proqramlar vasitəsilə ştirakçılar Qəbələnin gözəl təbiəti və mədəni mühiti ilə tanış olur, Azərbaycan mədəniyyətini daha yaxından tanıyır, həm də şəbəkələşmə və beynəlxalq əlaqələr qurmaq imkanı əldə edirlər.

ELSA Azərbaycan tərəfindən WELS Gabala layihəsinin artıq 7 buraxılışı təşkil edilmiş, illər ərzində Azərbaycan Respublikası Gənclər Fondu, Azərbaycan Respublikası Vəkillər Kollegiyası, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) kimi qurumlar, “KPMG Law Azerbaijan”, “EY Azerbaijan”, “Turan Legal and Tax Services”, “BM Morrison Partners”, “SME Fisher Gross”, “Ironwood Consulting”, “Dentons Europe (Central Asia) Limited” Bakı filialı, “Legalize”, “Azerlegal”, “BHM Hüquq Şirkəti”, “Alliance Legal Center”, “Fortiori Hüquq Şirkəti”, eləcə də “Sirab”, “Veysəloğlu” şirkətlər qrupu, Bravo kimi aparıcı hüquq və korporativ tərəfdaşlarla əməkdaşlıq edilmişdir.

Digər S&C Layihələri

Seminar Sabuncu GE

Seminarların əsas məqsədi hüquq tələbələri və gənc hüquqşünasların universitetdə tədris olunmayan hər hansı spesifik hüquqi mövzu ilə bağlı biliklərinin artırılmasından ibarətdir. Seminarlar və Konfranslar komandası artıq neçə illərdir ki, cəmiyyətdə aktual olan mövzularla bağlı seminarlar təşkil edirlər. Bu kimi layihələrə “Beynəlxalq Cinayət Məhkəməsi: Yurisdiksiya və Məhkəmə Təcrübəsi”, “Beynəlxalq E-Ticarət: Rəqəmsal Müqavilələr və Hüquqi Perspektivlər”, “Arbitrajın növləri və institusional arbitraj: beynəlxalq arbitraj mərkəzləri və Bakı Arbitraj Mərkəzinin əhəmiyyəti, “Rəqəmsal Dünyada Müəlliflik Hüquqları” adlı seminarlar daxildir.

Vebinar HHM

Vebinarlar onlayn mühitdə keçirilən, məkan və zaman məhdudiyyətlərini aradan qaldıraraq daha geniş auditoriyanın iştirakına şərait yaradan, bir günlük və ya daha geniş akademik proqram ilə bir-neçə gündən ibarət olmaqla təşkil edilən akademik layihələrdir. ELSA çərçivəsində həm ELSA Vebinarları, həm də ELSA Vebinar Akademiyası kimi həm yerli, həm beynəlxalq tələbələrə qoşulmaq imkanı verən vebinarlar təşkil edilir. Bu çərçivədə komanda tərəfindən ELSA Azərbaycan və “Hüquq Hazırlıq Mərkəzi” MMC-nin birgə təşkilatçılığı ilə “Hüquqi Şəxslərin İdarəetməsi: Korporativ Hüququn Rolu və Praktik Mexanizmləri” mövzusunda üç günlük silsilə vebinarlar həyata keçirilmiş, hüquqi şəxslərin yaradılması, fəaliyyətinin təşkili, yenidən təşkili və ləğvi ilə bağlı əsas hüquqi mexanizmlər mərhələli şəkildə izah edilmişdir.

Antiqona muhazirə

Mühazirələr adətən bir akademik sessiyadan ibarət olan, daha kompakt və fokuslaşdırılmış formada keçirilən, bilavasitə mühazirəçi tərəfindən təqdim edilən akademik layihə formatıdır. Bu tədbirlər müəyyən mövzunun qısa müddətdə dərin və sistemli şəkildə izah edilməsinə, iştirakçıların isə həm nəzəri bilik, həm də konseptual anlayışlar qazanmasına xidmət edir. Bu çərçivədə komanda tərəfindən “Antiqona: Hüquq və ədəbiyyat” mövzusunda mühazirə təşkil edilmişdir. Mühazirə zamanı Sofoklun “Antiqona” əsərindən seçilmiş nümunələr əsasında hüququn fundamental nəzəriyyələrinin klassik ədəbiyyatda necə təsvir olunduğu və hansı simvolik məna kəsb etdiyi maraqlı və anlaşıqlı şəkildə təqdim olunmuşdur.

ICE Baku Congress 1

ELSA Beynəlxalq Konfransları ELSA-nın beynəlxalq səviyyədə həyata keçirilən layihələrindən biri olmaqla, ELSA Beynəlxalq tərəfindən koordinasiya edilən, qlobal akademik müzakirələr üçün nəzərdə tutulmuş layihədir. Bu konfranslar beynəlxalq məzmunlu olması, yüksək akademik fokus daşıması və əsasən müxtəlif ölkələrdən olan hüquqşünas və tələbələrin iştirak etməsi ilə fərqlənir.

 

ELSA Azərbaycan tərəfindən ilk dəfə 24–26 oktyabr 2024-cü il tarixlərində “İqlim Dəyişikliyi və Enerji Hüququ” üzrə beynəlxalq konfrans təşkil edilmişdir. Üçgünlük proqram Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə, COP29 Azərbaycan Əməliyyat Şirkəti, Bakı Dövlət Universitetinin Hüquq fakültəsi, Bakı Ali Neft Məktəbi və Azərbaycan Gənclər Təşkilatları Milli Şurası (NAYORA) ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilmişdir. Konfrans çərçivəsində Big4 şirkətlərindən və digər hüquq firmalarından dəvət olunmuş mütəxəssislər yerli və xarici tələbələrə iqlim hüququ, enerji tənzimləmələri və davamlılıq sahələrini əhatə edən akademik proqramlar təqdim etmişdir.

ELSA Deleqasiyalari COP29

ELSA Deleqasiyaları ELSA-nın flaqman layihələrindən biri olaraq üzvlərə və məzunlara ELSA-nın xüsusi müşahidəçi statusuna malik olduğu və ya əməkdaşlıq etdiyi beynəlxalq təşkilatların iclaslarında ELSA-nı təmsil etmək imkanı yaradır. Bu nümayəndəliklər ELSA-nın institusional əlaqələrinin əsas hissəsini təşkil edir və üzvlərə həm şəxsi, həm də peşəkar inkişaf üçün əhəmiyyətli təcrübə qazandırır.

 

ELSA aşağıdakı qurumlarla xüsusi status və əməkdaşlıq münasibətlərinə malikdir: UNESCO, ECOSOC, UNCITRAL, UNODC, Avropa Şurası, OHCHR, WIPO, OECD və CICC. Təyin olunmuş nümayəndələr akademik koordinatorların rəhbərliyi ilə sessiyalara hazırlıq aparır, həm rəsmi iclaslarda, həm də hökumətlər və QHT-lər tərəfindən təşkil edilən əlavə tədbirlərdə iştirak edirlər.

 

ELSA həmçinin 11-22 Noyabr 2024-cü ildə Bakıda keçirilmiş COP29-da da müşahidəçi statusuna malik olmuşdur. Belə ki, konfransda müxtəlif ölkələrdən CV, motivasiya, ELSA-ya verdiyi töhfələrə görə fərqlənən deleqatlar iştirak haqqı qazanmışdır.

Zəfərin Qanunu Qarabag Universiteti

Təhsil səfərləri bir Yerli və ya Milli Qrup və ən azı bir digər ELSA Yerli və ya Milli Qrupu və ya ELSA-nın tərəfdaş qurumları arasında akademik, sosial və mədəni mübadiləni gücləndirən layihələrdən biridir. Bu səfərlər iştirakçılara müxtəlif hüquq sistemlərini və ənənələrini araşdırmaqla yanaşı, praktiki bilik və peşəkar bacarıqlarını inkişaf etdirmək imkanı yaradır. Eyni zamanda, beynəlxalq hüquq tələbələri arasında sərhədlərarası mədəniyyət mübadiləsi və şəbəkələşmənin formalaşmasına töhfə verir.

 

ELSA Azərbaycan tərəfindən həyata keçirilən təhsil səfərləri çərçivəsində ELSA Gürcüstan ilə əməkdaşlıq əsasında Kutaisi şəhərinə, ELSA Finlandiya ilə əməkdaşlıq əsasında Helsinki şəhərinə və ELSA Norveç ilə əməkdaşlıq əsasında Bergen şəhərinə səfərlər təşkil edilmişdir. Bundan əlavə, ELSA Lund ilə əməkdaşlıq çərçivəsində onlayn təhsil səfəri də keçirilmişdir.

SELS Ali Məhkəmə

Təşkilati səfərlər hökumət və qeyri-hökumət qurumlarına, idarəçilik orqanlarına, özəl institutlara, universitetlərə və digər ali təhsil müəssisələrinə edilən ziyarətlərdən ibarət olub, iştirakçılara bu qurumların fəaliyyətini yerində müşahidə etmək imkanı yaradan akademik-sosial formatlı layihələrdir. Bu səfərlər çərçivəsində iştirakçılar müvafiq institutlara səfər etməklə yanaşı, həmin qurumların tarixi, fəaliyyət istiqamətləri, gündəlik iş prinsipləri və idarəetmə mexanizmləri barədə təşkil olunan təqdimatlar vasitəsilə ətraflı məlumat əldə edirlər. Paralel olaraq, ekskursiya hissəsi onlara qurumu daha yaxından və praktiki şəkildə tanımaq üçün fürsət yaradır.

 

ELSA Azərbaycan tərəfindən həyata keçirilən təşkilati səfərlər çərçivəsində “Zəfərin Qanunu” layihəsi üzrə Qarabağ Universitetinə səfər təşkil edilmiş və burada akademik mühazirələr təqdim edilmiş, bununla yanaşı Şamaxı “ASAN xidmət” mərkəzinə, Şamaxı Astrofizika Rəsədxanasına və Dəmirçi kəndinə ekskursiyalar həyata keçirilmişdir.

Qarsiliqli anlasma məkani

Panel müzakirələri müəyyən bir hüquq sahəsi üzrə aktual mövzuların iki və ya daha çox ekspert tərəfindən auditoriya qarşısında geniş şəkildə müzakirə olunduğu akademik formatdır. Bu formatın əsas məqsədi hüquqi məsələlərin müxtəlif aspektlərini fərqli perspektivlərdən təhlil etmək və iştirakçılara mövzunu həm nəzəri, həm də praktiki tərəfləri ilə daha dolğun şəkildə çatdırmaqdır. Müzakirələrdə spikerlər hüquqi mexanizmlərə toxunur, tətbiqetmə problemlərini izah edir, müxtəlif ölkələrin təcrübələrini müqayisə edir və məsələnin elmi əsaslarını auditoriyaya açıq şəkildə təqdim edirlər.

 

ELSA Azərbaycan tərəfindən müxtəlif mövzular üzrə panel müzakirələri təşkil edilmişdir. Bunlara “Almaniya və Azərbaycan Hüquq Sistemlərinin Təhlili və Müqayisəsi” paneli, ELSA İzmir və ELSA Azərbaycan Məzunlar Cəmiyyəti ilə birgə əmək hüququ mövzusunda keçirilən panel müzakirəsi, eləcə də müharibə cinayətləri mövzusunda təşkil edilən panel müzakirəsi daxildir.

Legal Cafe

Legal Cafe layihəsinin əsas məqsədi xarici ölkələrin nüfuzlu universitetlərində təhsil almış və müxtəlif hüquq sahələrində praktiki təcrübə qazanan hüquqşünasların bilik və təcrübələrini tələbələrlə bölüşməkdən ibarətdir. Bu layihə tələbələrin hüquqi biliklərini dərinləşdirməsi, xarici təhsil modelini yaxından tanıması və real praktik nümunələr əsasında öz inkişafını istiqamətləndirməsi üçün bir fürsət yaradır.

 

Legal Cafe layihəsinin ən özünəməxsus xüsusiyyətlərindən biri isə sosial məsuliyyət amilinin layihənin mərkəzində dayanmasıdır. Tədbirdən əldə olunan bütün gəlir yardıma ehtiyacı olan insanlara maddi dəstək göstərilməsi məqsədilə xərclənir.