Xəbərlər

Əhəmiyyətli Hüquq Xəbərləri və Təsirlər

Ən Son Hüquq Xəbərləri ilə hüquq sahəsindəki vacib inkişafları izləyin. Yeni qanunvericilik, məhkəmə qərarları və hüquqi yeniliklər haqqında məlumat əldə edin.

ELSA Azərbaycan tərəfindən Hüquq Karyera Forumu həyata keçirilmişdir

5 oktyabr tarixində ELSA Azərbaycan tərəfindən Hüquq Karyera Forumu təşkil olunmuşdur!

Hüquq Karyera Forumu – hüquq sahəsində təhsil alan tələbə və gənc hüquqşünasların karyera inkişafını dəstəkləməyi və gələcək perspektivlərini aydınlaşdırmağı hədəfləyən bir layihədir.

Forumun ilk panel sessiyası “Dövlət və özəl sektorda çalışan hüquqşünasların fəaliyyəti” mövzusuna həsr olunmuşdur. Dövlət sektorundan Xətai Rayon Məhkəməsinin hakimi Samirə Eyvazova və SOCAR Baş Ofisinin Sanksiyalar və Tənzimləyici Qanunvericilik Şöbəsinin rəisi Fail İbrahimov çıxış etmişdirlər. Özəl sektorun nümayəndələri isə EKVİTA hüquq şirkətinin direktoru İlqar Mehti və “PAŞA Həyat Sığorta” şirkətinin Hüquq Departamentinin direktoru Səbuhi Göyüşov olmuşdur.

Panel sessiya çərçivəsində spikerlər hər iki sektorda hüquqşünas kimi fəaliyyətlərinə dair təcrübələrini bölüşmüş, iştirakçıların suallarını cavablandırmış və peşəkar inkişafla bağlı dəyərli tövsiyələr vermişlər. Tədbir iştirakçılara yalnız müzakirələrdə iştirak imkanı deyil, həm də mütəxəssislərlə şəbəkələşmək və yeni əlaqələr qurmaq fürsəti təqdim etmişdir.

İkinci panel sessiya “Hüquqşünaslar üçün yumşaq və sərt bacarıqlar” mövzusuna həsr olunmuşdur. “Yüksəliş” müsabiqəsinin Testlər və İnsan Resursları şöbəsinin rəhbəri Elmira Məmmədova, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin baş məsləhətçisi və beşinci “Yüksəliş müsabiqəsinin qalibi Fatimə Eyyub və RAM Holdinq-də Baş hüquq və komplayens inzibatçısı, Azər Legal Group-da Strateji idarəetmə və hüquq üzrə rəhbəri və birinci “Yüksəliş” müsabiqəsinin qalibi Ülkər Məlikova iştirakçılarla təcrübələri və dəyərli tövsiyələri ilə bölüşmüşlər.

Forumun üçüncü panel sessiyası “Hüquqşünaslıq peşəsinin gələcəyi: Süni intellekt texnologiyaları əmək bazarını necə dəyişir?” mövzusuna həsr olunmuşdur. Sessiyada hüquq sahəsində süni intellektin yaratdığı yeni imkanlar, çağırışlar və perspektivlər ətrafında müzakirələr aparılmışdır. Panel iştirakçıları – Ali Məhkəmə Aparatının Elektron məhkəmə və informasiya texnologiyaları şöbəsinin müdir müavini Yusif Bayramov, IronWood Consulting hüquq şirkətinin təsisçisi və Techlaw.az platformasının həmtəsisçisi Ruslan Muxtarov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Hüquqi təminat şöbəsinin böyük hüquqşünası Səbinə Zülfiyeva və İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Hüquq şöbəsinin aparıcı hüquqşünası Günel Əhmədli – məhkəmə sistemində rəqəmsallaşma, hüquqi texnologiyaların inkişafı, dövlət və özəl sektorda hüquqşünasların yeni rolları, süni intellektin hüquqşünasların gündəlik işinə təsiri və bu sahədə yaranan yeni hüquqi reallıqlar barədə fikir və təcrübələrini bölüşmüşlər.

Tədbirin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə Bakı Ali Neft Məktəbi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA), “EKVITA” hüquq şirkəti, “Almond Cake and Bakery” mağazalar şəbəkəsi və “Techlaw.az” hüquqi texnologiyalar platformasına öz təşəkkürümüzü bildiririk..

Əlaqəli Xəbərlər