Xəbərlər

Əhəmiyyətli Hüquq Xəbərləri və Təsirlər

Ən Son Hüquq Xəbərləri ilə hüquq sahəsindəki vacib inkişafları izləyin. Yeni qanunvericilik, məhkəmə qərarları və hüquqi yeniliklər haqqında məlumat əldə edin.

Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyasının XI buraxılışının final mərhələsi keçirilmişdir

17 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində ELSA Azərbaycan tərəfindən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının tam dəstəyi ilə təşkil olunan Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyasının XI buraxılışının final mərhələsi keçirilmişdir.

Tədbirin açılışında Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini Ziya Qasımov çıxış edərək iştirakçıları salamlayıb, müsabiqənin tələbələrin hüquqi bilik və praktiki bacarıqlarının formalaşmasında mühüm rol oynadığını vurğulamış və onlara uğurlar arzulamışdır.

Sonra Konstitusiya Məhkəməsinin İnsan hüquqları və analitik şöbəsinin müdiri Anar Cəfərov çıxış edərək iştirakçılara gələcək fəaliyyətlərində uğurlar diləmiş, belə yarışların insan hüquqlarının müdafiəsi mexanizmlərinə və hüquqi düşüncə mədəniyyətinin formalaşmasına mühüm töhfə verdiyini qeyd etmişdir.

Eyni zamanda ELSA Azərbaycanın Prezidenti Tarif Hüseynov və Səhnələşdirilmiş Məhkəmə Müsabiqələri üzrə Vitse-prezidenti Səmayə Abbasquliyeva çıxış edərək ELSA Azərbaycan və Vəkillər Kollegiyasının birgə əməkdaşlığı çərçivəsində keçirilən Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyasının əhəmiyyətindən danışmış, yarışın qaydaları barədə məlumat vermişdirlər.

Daha sonra səhnələşdirilmiş məhkəmə prosesi keçirilmişdir.

Final mərhələsində hakimlər qismində 9 nəfərlik tərkibdə Kollegiyanın Aparat rəhbərinin müavini Səttar Məmmədov, Kollegiyanın üzvləri – Sevinc Əliyeva, Şəfa Camalzadə, Sadiq Bağırov və Qəndab Fərəcova, habelə hüquqşünaslar Füzuli Cəbrayıllı, Nəzrin Əliyeva, Orxan Bəşirli və Kamil Dəmirli iştirak etmişdirlər.

Həlledici mərhələdə “Aletheia” və “Corpus Delicti” komandaları üz-üzə gəlmişdir. Müsabiqənin nəticələrinə əsasən, “Corpus Delicti” komandasını təmsil edən Bakı Dövlət Universitetinin III kurs tələbələri Gülnar Mütəllibova və Zəhra Hüseynova I yerə layiq görülmüş, həmçinin “Ən yaxşı memorial (cavabdeh kimi)” nominasiyası üzrə qalib elan olunmuşdurlar.

“Aletheia” komandasının üzvləri, Bakı Dövlət Universitetinin II kurs tələbələri Aydan Məcidli və Aytac Məmmədova II yeri tutaraq “Ən yaxşı memorial (ərizəçi kimi)” nominasiyasına layiq görülmüşdürlər. Eyni zamanda Gülnar Mütəllibova müsabiqənin “Ən Yaxşı Natiq”-i seçilmişdir.

Sonda Vəkillər Kollegiyasının Aparat rəhbərinin müavini Səttar Məmmədov bağlanış nitqi ilə çıxış edərək qalib komandaları təbrik etmişdir. Ardınca Səttar Məmmədov , Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini Ziya Qasımov və Səhnələşdirilmiş Məhkəmə Müsabiqələri üzrə Vitse-prezident Səmayə Abbasquliyeva tərəfindən qaliblərə mükafatlar təqdim olunmuşdur.

Müsabiqədə iştirak edən hər iki komandaya pul mükafatları (I yer – 500 AZN, II yer – 250 AZN) və sertifikatlar, qalib komandanın üzvləri isə kuboklar ilə təltif edilmiş, həmçinin “BM Morrison Partners” və “SME Fisher & Gross” hüquq şirkətlərində təcrübə keçmək imkanı əldə etmişdirlər.

Əlaqəli Xəbərlər