STUDY VİSİT, UNUDULMAZ HƏFTƏ

STUDY VİSİT, UNUDULMAZ HƏFTƏ

Study Visit-in ELSA üçün olan önəmini dəqiq sözlərlə ifadə etmək elə də asan deyil. Seminar və Konfranslar departamentinin ən maraqlı tədbirlərinin və layihələrinin bir hissəsini Study Visit-lər təşkil edir. Əsas məqsəd isə ELSA üzvlərinin fərqli ölkələrin mədəniyyəti və hüqüq sistemləri ilə bağlı təcrübə qazanmaqlarıdır. Lakin Study Visitlərin başqa tədbirlərdən fərqi onun akademik diqqətinin daha az olmasıdır. Beləliklə, fərqli ölkələrin ELSA üzvləri bir-birinin mədəniyyətlərini, adətlərini öyrənmək, şəhərləri ilə daha yaxından tanış olmaq, və ən əsası dost olmaq imkanını qazanırlar.

ELSA Azərbaycanın ilk Study Visit-i isə qonşu Gürcüstana oldu. Kutaisi şəhərində təşkil olunan SV-də iştirak edəcək heyətin seçimi bir neçə mərhələdən ibarət oldu. Birinci mərhələ elektron ərizələrin qəbulundan başladı, ikinci mərhələ isə seçilmiş iştirakçıların müsahibəsi ilə davam etdi. Müxtəlif universitetlərdən seçilən 8 tələbədən ibarət nümayəndə heyəti 18 oktyabr tarixində Kutaisiyə yola düşdü. Orada keçirdikləri bütün vaxt ərzində onlarla əlaqə saxlayıb zamanlarını necə keçirdikləri ilə maraqlanırdıq. Kutaisi və Batumi şəhərlərində gəzintilər; universitetlər, qədim abidələr, tarixi yerlər, əyləncəli proqramlar və ELSA-nın əvəzolunmaz party-ləri.

Müsahibə mərhələsindən olan videorolik:

ELSA Azərbaycan və ELSA Kutaisinin birgə layihəsi olan və bir həftə davam edən Study Visit üzvlərimiz arasında möhkəm dostluq və əməkdaşlıq münasibətləri yaratmağı bacardı.

Artıq 21-28 Noyabr tarixində Bakıya Study Visit üçün gələn ELSA Kutaisinin üzvlərini səbirsizliklə gözləyirik!
Kutaisidə Study Visit nümayəndə heyətimizin bəzi üzvlərinin təəssüratlarından:

 “ Mən Study Visit-lə bağlı afişaları ilk dəfə görəndə bir cümlə daha çox diqqətimi cəlb etmişdi: “Unudulmaz bir həftə keçirmək üçün bizə qoşulun!”. Düzünü desəm, bir o qədər də inanmadım buna, yəni çox maraqlı olacağına.  Amma tam yanıldım, həqiqətən də o bir həftə həyatıma yeni dostlar, yeni xatirələr, maraqlı anlar, unudulmaz günlər qatdı. Bizi qarşılayan insanlar bir həftə boyunca bizə elə doğma münasibət bəslədilər ki, özümüzü o mühitə uyğunlaşdırmaq üçün heç çətinlik çəkmədik. Bir tərəfdən bizi Gürcüstanın qədim zəngin tarixi ilə tanış edib, digər tərəfdən də hər anımızın maraqlı keçməsi üçün əllərindən gələni etdilər. Yəni bir sözlə, getməsəydim çox şey itirərdim.

–  Leyla Əhmədli

 “ELSA Kutaisi Şalala, ELSA Baku Şalalala” yəqin ki, mənim üçün Study Visit-lə bağlı hissləri ifadə etməyin ən asan üsüludur. Təəssüratlar əladır, onsuz o mehriban şəhərdən başqa cür qayıda da bilməzdik. Səmimi insanlar, səmimi münasibət sənin necə dəyərli qonaq olduğunu hiss elətdirirsə bu duyğuları sözlərlə bildirmək çətinləşir, həm də axı duyğular anlatmaq üçün yox, yaşamaq üçündür. Bir sözlə,  sadəcə həftəlik “qaçış”dan sonra bir illik yada salmağa xatirələr varsa, deməli, dəyərdi. Və biz bütün dəyərli anlar üçün ELSA ailəsinə təşəkkür edirik.”

–  Sevinc Nuriyeva

 “Study Visit-də hər şeydən əvvəl diqqətimi cəlb edən ELSA üzvlərinin mehribanlığı oldu. Mən ilk dəfə idi ki, xarici ölkədə olurdum, deyə bilərəm ki, ilk dəfə üçün çox maraqlı, əyləncəli, xoş bir həftə keçdi. Hər gün yeni macəralarla dolu bir gün, tarixi məkanlar, yeni fərqli tanışlar qazandım. Təşkilatçılığı xüsusi qeyd etməliyəm ki, bəzi kiçik problemlər olsa da (təbii ki bunların olması normaldı) çox yaxşı idi. Gürcüstandakı yeni tanışlardan hələ də əlaqə saxladıqlarım var. Ümumilikdə yeniliklər, dostlar, dünya görüşünün artmasıyla yadda qaldı.”

–  Cavidan Fətihi

 “Gürcülərin qonaqpərvərliyinə söz ola bilmez.  Gürcü dostlarımız xoş anlarla dolu bir həftə keçirməyimiz və özümüzü evimizdəki kimi hiss etməyimiz üçün çox çalışmışdılar və əlbəttə ki, buna nail oldular.  Onlar kimi şən, marağlı gənclərlə tanış olduğuma görə çox şadam, onlarla keçirdiyimiz günlər üçün çox darıxırıq. Bu bir həftə gəncliyimizin ən xoş həftələrindən biri olduğunu düşünürəm.”

–  Fatimə Məmmədli

 

Şəkillər

Avropa Hüquq Tələbələr Assosiyası (ELSA) müstəqil, qeyri siyasi, gəlir məqsədi güdməyən dünyanın ən böyük hüquq tələbələr təşkilatıdır