Media hüququ mövzusunda təlim keçirilir

Media hüququ seminarAvropa Hüquqşünas Tələbələr Assosiasiyası Azərbaycan Birliyi – ELSA Azərbaycan “Media hüququ” mövzusunda təlim təşkil edir. Təlim 15 Noyabr 2014-cü il tarixində saat 11:00-da Virtual Qarabağ İKT Mərkəzində (ünvan – Bakı şəh.28 May küçəsi, 15) keçiriləcək.

Seminarın əsas məqsədi – son zamanlar aktual olan Media sahəsindəki ictimai münasibətlərin hüquqi tənzimlənməsi haqqında aydın təsəvvür yaratmaq və Jurnalistika və Hüquqşünaslıq kimi aparıcı sahələrin lazımi qaydada əlaqələndirilməsinə yardım etməkdir.

Təlim builki təşkil olunan ilk təlim olduğuna görə iştirak ödənişsizdir və iştirak etmək arzusunda olanlar CV-lərini [email protected] ünvanına göndərə bilərlər. Xahiş olunur ki, müraciət edərkən göndərdiyiniz mail-in mövzu qisminə təlimin adını qeyd edəsiniz. Seçilən şəxslərin e-maillərinə bu barədə təsdiq mesajı göndəriləcək. Qeyd edək ki, seminarda iştirak edən hər kəsə sertifikat veriləcək.

Seminar Xalid Ağaliyev tərəfindən keçiriləcək. Xalid Ağaliyev Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunudur. ABŞ-ın İnternyus Təşkilatının “Media hüququ kursu”nu, Avropa Şurasının “Avropa Məhkəməsində İnsan Haqlarının Müdafiəsi”, Fridrix Nouman Fondunun “Korrupsiya ilə mübarizənin strateji planlaması”, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin “Jurnalistlərin hüquqi maarifləndirilməsi”, Amerika Hüquqşünaslar Assosiasiyasının vəkillik kurslarını bitirib, ABŞ – da “Alternativ Media” və “Medianın böhtandan müdafiəsi” kursları keçib, www.mediarights.az saytının qurucusudur. Müxtəlif vaxtlarda peşəkar jurnalistika ilə məşğul olub. “Gün işığı bələdçisi” və “Media etikası” kitablarının həmmüəllifidir.

Seminarda sözügedən hər iki sahənin nümayəndəsinin olması daha effektiv hesab edildiyindən “Carçı” jurnalının baş redaktoru Gülnarə Əmirquliyeva da iştirak edəcək.

Avropa Hüquq Tələbələr Assosiyası (ELSA) müstəqil, qeyri siyasi, gəlir məqsədi güdməyən dünyanın ən böyük hüquq tələbələr təşkilatıdır