ELSA Azərbaycan-ın ev sahibliyi etdiyi IPM Baku 2015 tədbirinin açılış mərasimi baş tutdu

Bu gün Bakıda dünyanın ən böyük hüquqşünas tələbə təşkilatı olan Avropa Hüquqşünas Tələbələr Assosiasiyası – ELSA-nın prezidentlərinin 50-ci beynəlxalq görüşünün açılış mərasimi keçirilmişdir. Tədbirdə Avropanın 28 ölkəsindən 61 nəfər rəhbər nümayəndə olmaqla 150 gənc hüquqşünas iştirak etmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyilə keçirilən tədbirdə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, ELSA Beynəlxalq İdarə Heyətinin sədri Armin Khoshneviszade, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Haciyev və Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev iştirak etmişlər.

Əvvəlcə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxışında tədbirin əhəmiyyətindən söz açaraq ölkəmizdə gənclərə və tələbələrə dövlət tərəfindən xüsusi diqqət göstərildiyini nəzərə çatdırıb: “Ölkəmizdə həyata keçirilən hüquq islahatlarında tələbə hüquqşünasların yeri hər zaman öndə olub. Ümumiyyətlə hüquqşünas tələbələr dünyanın bütün ölkələrində öz ölkələrinin ictimai-siyasi həyatında öndə dururlar. Azərbaycanda da bu belədir. Demokratiya, insan hüquqları, qanunun aliliyi kimi məsələlərə gənc hüquqşünaslar tələbəlik illərindən yaxın olurlar. Amma bunları tək nəzəri baxımdan bilmək yox, həm də həyatda tətbiq etmək vacibdir. Ölkəmizdə həyata keçirilən hüquq islahatlarının indiki mərhələsində gənc hüquqşünasların yeri xüsusidir. ELSA təşkilatının beynəlxalq aləmlə ölkəmizdə də verdiyi töhvə önəmlidir. Təqdirə layiq haldır ki, ASAN xidmətin əməkdaşları, ASAN könüllərinin əksəriyyəti də ELSA nümayəndiliyinin tərkibində fəaliyyət göstərirlər. Hesab edirəm ki, bu Azərbaycanda gənclər siyasəti ilə bağlı ən yaxşı nümənələrindən biridir”.

Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin, gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev bütün qonaqları salamlayıb və gün ərzində məhsuldar bir toplantı olacağını deyib: “Cəmiyətimizin müxtəlif sahəsində hüquq təhsili alan gənclər fəallıq nümayiş etdirir. Bu ixtisas üzrə təhsil alanlar digərlərinə nisbətən cəmiyyətdə daha çox fəallıq göstərirlər. Ümid edirəm ki, bundan sonra da ELSA təşkilatı bizim hüquq təhsili alan gənclərimizlə işləri davam etdirəcəklər”.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev çıxışı zamanı təmsil etdiyi fond adından ölkəmizə gələn hər bir qonağı salamlayıb. Fond rəhbəri bildirib ki, ELSA təşkilatının 50 yaşının olması böyük uğurdur və bu təşkilatın uğurlu işləri sayəsində bu günə gəlib çatmasını göstərir: “Diqqətinizə çatdırmaq istərdim ki, Azərbaycan gənclər ölkəsidir. Azərbaycanda gənclər siyasəti ölkənin prioritet məsələlərindən biridir. Hazırda ölkəmizdə gənclərlə bağlı çoxlu sayda QHT-lər var və ölkəmizdə gənclər siyasəti uğurla davam etdirilir”.

Tədbirdə təşkilatın Prezidenti Bayram Orucov ELSA Azərbaycanın 5 illik fəaliyyəti ilə bağlı hesabat verib və təşkilatın yeni layihəsi olan “ELSAx Forumu”-nun təqdimatını edib. ELSA Forumunun məqsədi müxtəlif sahələrin peşəkarları ilə gənclər arasında əlaqələrin qurulması və ümumi maraq kəsb edən mövzular üzrə müzakirələrin təşkil edilməsidir.

ELSAx Forumunun ilk qonaqları Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəhbəri İnam Kərimov və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin idarə rəisi Qaya Məmmədov olub.

Avropa Hüquq Tələbələr Assosiyası (ELSA) müstəqil, qeyri siyasi, gəlir məqsədi güdməyən dünyanın ən böyük hüquq tələbələr təşkilatıdır