Avropa Hüquqşünas Tələbələr Assosiasiyası ( ELSA- European Law Students Association) Avropanın 44 ölkəsində 350-dən çox universiteti və 54500-dən çox hüquq tələbəsini özündə birləşdirən dünyanın ən böyük hüquq tələbələri təşkilatıdır. Bu təşkilatın əsası 1981-ci il 4 may tarixində Avstriyanın Vyana şəhəsində, Avstriya, Macarıstan, Polşa və Qərbi Almaniyadan olan 5 hüquq tələbəsi tərəfindən qoyulmuşdur. ELSA-ın Azərbaycan nümayəndəliyinin əsası isə əsası dörd hüquq tələbəsi – Kamal Cəfərov, Elşən Bayramov, Xanlar Ağalarov və Elnur Hümbətov tərəfindən 2010-cu ilin iyun ayında qoyulmuşdur. 2010-cu ilin oktyabr ayında Azərbaycan Türkiyənin Alanya şəhərində keçirilən ELSA-nın 58-ci Beynəlxalq Şura Toplantısında müşahidəçi üzv statusunu qazandı və Azərbaycan böyük səs çoxluğu ilə ELSA ailəsinə qəbul olundu. 1 il sonra – 2011-ci ilin oktyabr ayında İtaliyanın Palermo şəhərində Assosiasiyanın 60-cı Beynəlxalq Şura Toplantısında Azərbaycanın tam üzvlük üçün namizədliyini irəli sürdü və ELSA-nın əsasnaməsinə müvafiq şəkildə məsələ səsverməyə çıxarıldı. Səsvermənin nəticələrinə əsasən Azərbaycan ELSA-nın tamhüquqlu üzvü oldu. ELSA Azərbaycan 2012-ci ilin mart ayında Portuqaliyanın Algarve şəhərində keçirilən 61-ci Beynəlxalq Şura Toplantısında səsvermə hüququndan ilk dəfə istifadə etmişdir. Fəaliyyət müddəti ərzində təşkilat tərəfindən bir sıra beynəlxalq və yerli layihə həyata keçirilmişdir. 2012-ci ilin aprel ayının 26-29-da Avropanın ən qabaqcıl ölkələrindən olan fəal gənclərin iştirakı ilə Bakıda Gənc Hüquqşünasların Beynəxlalq Bakı Forumu keçirilmişdir. Forumda ELSA-nın Beynəlxalq İdarə Heyətinin Prezidenti Nyuşa Nademi, eyni zamanda Baş Katib Yaana Saariyarvi də iştirak etmişlər. 4 gün ərzində 30-dan artıq xarici və 40-a yaxın Azərbaycanlı tələbələrin iştirakı ilə keçirilən forum çərçivəsində müxtəlif mövzularda müzakirələr, konfranslar təşkil edilmiş, tələbələr ayrı-ayrı işçi qrupları daxilində müxtəlif hüquqi məsələlərə aydınlıq gətirmişlər. Bundan başqa 2015-ci ilin 4-8 Fevral tarixlərində Bakı şəhərində beynəlxalq ELSA Prezidentlərinin toplantısı keçirilmişdir. Tədbirdə Avropanın 28 ölkəsindən 61 nəfər rəhbər nümayəndə olmaqla 150 gənc hüquqşünas iştirak etmişdir. Bu ELSA Azərbaycanın ev sahibliyi etdiyi ilk beynəlxalq təşkilati tədbir idi. Təşkilatın beynəlxalq səviyyədə həyata keçirdiyi son böyük tədbir isə Biznes hüququ mövzusunda keçirilən beynəlxalq hüquq yay məktəbi idi.Belə ki 2018-cı il 6-13 iyul tarixlərində 97 nəfər xarici tələbənin iştirak etdiyi Beynəlxalq Yay Hüquq Məktəbi Bakı şəhərində keçirilmişdir.

 

Biz inanırıq ki, tələbələr ELSA-nın geniş fəaliyyət və beynəlxalq əməkdaşlıq imkanları vasitəsilə beynəlxalq hüquq sistemləri barədə dəyərli biliklər və təcrübə əldə edəcək, beynəlxalq tədbirlərdə, seminarlarda iştirak etməklə özlərini zamanın tələbinə müvafiq şəkildə formalaşdıracaq və beləliklə hər bir Azərbaycanlı hüquq tələbəsi idarəetmə, qrup fəaliyyəti qabiliyyəti, praktiki iş təcrübəsi, Avropa dəyərlərini paylaşmaq və başqa imkanlardan faydalancaqlar.