Gənclər Forumu öz işinə başlayıb.

Gənclər Forumu öz işinə başlayıb.

Tədbirdə çıxış edən Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin rəhbəri Fuad Ələsgərov ümidvar olduğunu bildirib ki, forum Avropadan və Azərbaycandan olan gənc hüquqşünasların bir-biriləri ilə tanış olmaq və təcrübə mübadiləsi aparmaları üçün gözəl fürsət olacaq.

 

Azərbaycanda həyata keçirilən gənclər siyasəti, eləcə də hüquqi islahatlar barədə tədbir iştirakçılarına məlumat verən şöbə müdirinin sözlərinə görə, son on ildə 20-dək yeni məcəllə, müxtəlif sahələrlə bağlı çoxlu sayda qanunlar qəbul olunub.

Gənclərin digər sahələrlə yanaşı, hüquq sistemində də aparıcı qüvvəyə çevrildiyini deyən F.Ələsgərov əksər dövlət qurumlarında çalışanlar arasında gənclərin üstünlük təşkil etdiyini deyib.

Azərbaycanın gənclər ölkəsi olduğunu deyən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, ölkə gənclər təşkilatları dünyanın 30-dan artıq beynəlxalq təşkilatında təmsil olunur. Azərbaycanda isə gənclər təşkilatlarının sayı 200-dən artıqdır.

Tədbirin əhəmiyyətindən danışan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə yaxın zamanlarda Azərbaycanın hüquq sisteminin Avropa İttifaqının hüquq sisteminə uyğunlaşdırılacağını diqqətə çatdırıb.

Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) rəhbəri Niuşa Nademi rəhbəri olduğu qurum barədə məlumat verərək bildirib ki, ELSA müstəqil, qeyri-siyasi, gəlir məqsədi güdməyən dünyanın ən böyük hüquq tələbələr təşkilatıdır.

1981-ci ildə əsası beş hüquqşünas tələbə tərəfindən qoyulan ELSA Avropanın 42 ölkəsində, 210 universitetində 30 mindən çox gənc hüquqşünası özündə birləşdirir.

Qeyd edək ki, üç gün davam edəcək foruma Avropanın müxtəlif ölkələrindən 50-yə yaxın gənc hüquqşünas qatılıb. Ümumilikdə isə forumda 100 gənc hüquqşünas iştirak edir.

Tədbirin keçirilməsində əsas məqsəd azərbaycanlı hüquqşünas tələbələri Avropa hüquq təhsili ilə tanış etmək, onların bu təhsil standartlarına inteqrasiyasına dəstək göstərməkdir.

Eyni zamanda, bu tədbir tələbələr arasında təcrübə və bilik mübadiləsinin dəstəklənməsinə, Avropanın müxtəlif ölkələrindən olan tələbələri Azərbaycanın hüquq təhsili barədə məlumatlandırmağa, hüquqşünas tələbələrin əlaqələrinin möhkəmləndirilməsinə yardım edəcək

Avropa Hüquq Tələbələr Assosiyası (ELSA) müstəqil, qeyri siyasi, gəlir məqsədi güdməyən dünyanın ən böyük hüquq tələbələr təşkilatıdır