ELSA Azərbaycanın təqdimat mərasimi keçirilmişdir

ELSA Azərbaycanın təqdimat mərasimi keçirilmişdir

Təqdimat cover

8 noyabr 2014-cü il tarixində ELSA Azərbaycanın təqdimat mərasimi keçirilmişdir. Təqdimat Bakı Dövlət Universitetində baş tutmuşdur. 200-ə yaxın tələbənin iştirak etdiyi təqdimatda tələbələrə ELSA-ın nə demək oduğu, necə fəaliyyət göstərdiyi, Azərbaycan daxilində və beynəlxalq səviyyədə hansı tədbirlər keçirdiyi, tələbələrin bu tədbirlərdə necə iştirak edə bilməsi izah olunmuşdur.

Təqdimat mərasimi Azərbaycan dövlət himninin səslənməsi ilə başlanmışdır. Daha sonra ELSA Azərbaycanın Prezidenti Bayram Orucov açılış nitqi ilə çıxış etmişdir. ELSA Azərbaycanın milli idarə heyəti tələbələrə təqdim olunmuş, hər bir vitse-prezident öz sahəsinin fəaliyyəti haqqında məlumat vermişdir. Təqdimat zamanı tələbələrə ELSA International tərəfindən ildə 2 dəfə dərc olunan və özündə müxtəlif elmi məqalələri, ELSA-ın fəaliyyətinin müxtəlif sahələrini əks etdirən «Synergy» jurnalı paylanmışdır. Sonda, sual-cavab mərhələsində isə idarə heyəti tələbələrin verdiyi müxtəlif sualları cavablandırmışdır.

Bu, ELSA Azərbaycanın keçirdiyi sayca ikinci təqdimat mərasimidir. 2013/2014-cü akademik ili üçün də təqdimat mərasimi keçirilmişdir. Təqdimatın keçirilməsində məqsəd hər akademik ilin başlanğıcında tələbələri ELSA ilə tanış etmək, onları təşkilatın fəaliyyətinə cəlb etmək, tələbələrə boş vaxtlarını maksimum səmərəli keçirməyə, beynəlxalq tədbirlərdə iştirak etməyə, hüquqi biliklərini və dünyagörüşlərini inkişaf etdirməyə kömək etmək və onlara istiqamət verməkdir.

Avropa Hüquq Tələbələr Assosiyası (ELSA) müstəqil, qeyri-siyasi, gəlir məqsədi güdməyən dünyanın ən böyük hüquq tələbələr təşkilatıdır. ELSA Avropanın 42 ölkəsində, 210 universitetində 38,000-dən çox hüquq tələbələrini və gənc hüquqşunasları özündə ehtiva edir. Azərbaycan təşkilata 2011-ci ildən üzv olmuşdur. Hal-hazırda Azərbaycan Təşkilatda 3 lokal qrupla – ELSA Bakı, ELSA Naxçıvan və ELSA Qarabağ lokal qrupları ilə təmsil olunur.

Avropa Hüquq Tələbələr Assosiyası (ELSA) müstəqil, qeyri siyasi, gəlir məqsədi güdməyən dünyanın ən böyük hüquq tələbələr təşkilatıdır