ELSA Azərbaycan-ın V Hesabat-Seçki Konfransı baş tutmuşdur

Bugün Avropa Hüquqşünas Tələbələr Assosiasiyası (ELSA) beynəlxalq təşkilatının Azərbaycan nümayəndəliyinin (ELSA Azərbaycan) V Seçki-Hesabat konfransı keçirilib. 

Tədbirdə təşkilatın 1 illik fəaliyyəti barədə hesabat verilib. Həmçinin cari ilin 6-12 iyul tarixlərində baş tutacaq beynəlxalq yay məktəbi haqqında məlumat verilib və yeni idarə heyəti üçün seçkilər keçirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev ELSA-nın Azərbaycanda ən dinamik təşkilatlarından biri olduğunu, təşkilatın Azərbaycanın xarici ölkələrdə təmsilçilik məsələlərində və gənc hüquqşünasların inkişafında böyük rol oynadığnı vurğulayıb.

Tədbirdə həmçinin ELSA Azərbaycanın həmtəsisçisi Kamal Cəfərov da açılış nitqi ilə çıxış edib.

ELSA Azərbaycanın prezidenti Bayram Orucov isə təşkilatın bir illik fəaliyyəti barədə geniş məruzə ilə çıxış edib. O, qeyd edib ki, 150 nəfərdən çox yerli hüquq tələbəsinin Avropada keçirilən beynəlxalq seminar və konfranslarda iştirakı təmin edilib, Səhnələşdirilmiş Məhkəmə Prosesləri, ELSAx Forumları, Tələbələr arasında Hüquq Olimpiadası, Milli Məclis Simulyasiyası, regionlarda məktəblilər üçün “Səyyar Hüquqi Yardım” layihəsi, Normativ hüquqi aktlar haqqında və Bank hüquqları üzrə gənc hüquqşünaslar üçün təlimlər kimi genişmiqyaslı layihələr həyata keçirilib.

B.Orucov həmçinin qeyd edib ki, ELSA-nın sonuncu Beynəlxalq Şura Toplantısında ELSA Azərbaycanın təşəbbüsü və fəaliyyəti ilə ELSA Azərbaycanın tərkibində ELSA Qarabağ nümayəndəliyi yaradılıb.
Tədbirdə `ELSA sizin üçün nədir` adlı video çarx, təşkilatın 1 illik fəaliyyətini əks etdirən video süjet və cari ilin iyul ayında keçiriləcək Beynəlxalq Yay Məktəbi barədə promo video iştirakçılara təqdim edilib.

Daha sonra ELSA-nın Seçki Komissiyasının sədri Xumar İlqarqızı seçkinin təşkili, prosedur qaydaları və həmçinin namizədlər barədə iştirakçılara məlumat verib. Vakant vəzifələr üzrə 11 nəfər namizədliyini irəli sürüb və seçkidə namizədlər platformalarını təqdim ediblər.

Tədbirin sonunda səsvermə keçirilərək yeni prezident və idarə heyətinin üzvləri seçilib. Belə ki, ELSA Azərbaycanın yeni prezidenti Faiq Ömərov, baş katibi Hikmət Zeynallı, vitse-prezidentləri Nərmin Əliyeva, Bayram Məmmədov, Aynur Hüseynova, Murad Bayramlı, Nurlana Dünyamalıyeva və təşkilatın xəzinadarı Vüsal Adiloğlu seçilib.

7 İyun tarixində ELSA Azərbaycan-ın V Seçki-Hesabat konfransı keçirilib. Tədbirdə təşkilatın 1 illik fəaliyyəti barədə…

Avropa Hüquq Tələbələr Assosiyası (ELSA) müstəqil, qeyri siyasi, gəlir məqsədi güdməyən dünyanın ən böyük hüquq tələbələr təşkilatıdır