Azərbaycan Amerika Vəkillər Birliyinin beynəlxalq tədbirində təmsil olundu

Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının Azərbaycan nümayəndəliyinin (ELSA Azərbaycan) baş katibi Türkan Mustafayeva Amerika Vəkillər Birliyinin İllik Beynəlxalq Hesabat toplantısında iştirak edib.

 

Beş gün davam edən toplantılarda Kanada rəsmiləri ilə yanaşı, ABŞ-ın rəsmi nümayəndələri də iştirak ediblər.
“Gündəlikdə əsasən vəkillik institutunun inkişafı, hüquq siyasəti, insan hüquqları, hüquq təhsilinin akkreditasiya təmini, ödənişsiz hüquqi xidmət, davamlı hüquq təlimi proqramı və digər hüquqi xidmətlərin göstərilməsi ilə bağlı məsələlərin müzakirəsinə geniş yer ayrılıb”.

T.Mustafayeva qeyd edib ki, Amerika Vəkillər Assosiasiyası 400 min nəfərdən artıq üzvü olan və könüllülük prinsipi əsasında yaradılmış birlikdir. Buna görə də tədbirə Kanada və Amerika vəkilləri ilə yanaşı, dünyanın bir çox ölkələrindən nümayəndələr dəvət olunublar.

“Elsa Azərbaycan”ın baş katibinin sözlərinə görə, Almaniya, Çin, Böyük Britaniya, Fransa, Cənubi Koreya, İtaliya, Argentina, Makedoniya, Braziliya, İspaniya, Çexiya, Xorvatiya, İran və digər ölkələr Vəkillər Birliklərinin prezidentləri ilə təmsil olunublar.

Türkan Mustafayeva həmçinin əlavə edib ki, Azərbaycan Vəkillər Kollegiyasını tədbirdə respublikanın tanınmış vəkillərindən biri, Amerika Vəkillər Birliyinin Assosiativ üzvü və 2005-ci ildən Beynəlxalq Vəkillər Birliyinin üzvü Muxtar Mustafayev təmsil edib. Nümayəndələrimiz Amerika Vəkillər Birliyinin hazırkı Prezidenti Stefan N.Zak tərəfindən fəxri qonaq kimi qarşılanıblar.

Rüfət Əhmədzadə
Gün.Az

URL: http://www.gun.az/social/15229

Avropa Hüquq Tələbələr Assosiyası (ELSA) müstəqil, qeyri siyasi, gəlir məqsədi güdməyən dünyanın ən böyük hüquq tələbələr təşkilatıdır