Avropa Hüquq Tələbələri Assosiasiyanın prezidenti Oskar Lema Buza ilə Azərbaycanın hüquq təhsili alan tələbələri ilə görüş keçirilib

Avropa Hüquq Tələbələri Assosiasiyanın (AHTA) prezidenti Oskar Lema Buza ilə Azərbaycanın hüquq təhsili alan tələbələri ilə görüş keçirilib. APA-nın məlumatına görə, toplantıda assosiasiyanın nümayəndələri və Azərbaycanın tələbə hüquqşünasları ilə birlikdə avrointeqrasiya prosesində gənclərin rolu, gənc hüquqşünasların tələbə mübadiləsi proqramlarında iştirakı müzakirə edilib.Azərbaycan Hüquqşünasları Konfederasiyasının baş katibi Nadir Adilov bildirib ki, AHTA gənc hüquqşünaslar, hüquq fakültəsinin tələbələri ilə Avropanın inkişaf etmiş hüquq təsisatlarının inteqrasiyasını təmin etməyi üzərinə məqsəd qoyub. N. Adilov qeyd edib ki, artıq Azərbaycan hökuməti hüquq fakültəsini yeni bitirən gənclərin ixtisasları üzrə işlə təmin olunması üçün zəruri addımlar atıb: “Prokurorluq, daxili işlər, ədliyyə orqanlarına işə qəbulla bağlı, o cümlədən vəkillik fəaliyyəti göstərmək üçün test imtahanları keçirilir. Həmçinin, hüquq sahəsində müəyyən təcrübəsi olan gənclərə hakim olmaq şansı da yaradılıb”.
Azərbaycan Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev ölkədə hüquq sahəsində aparılan islahatlar barədə məlumat verib və gənclərin hüquq sahəsində biliklərinin artırılması məqsədilə dünya təcrübəsində bəhrələnməsini təqdir edib.

Milli Məclisin deputatı, “İrəli” İctimai Birliyinin sədri Ceyhun Osmanlı təmsil etdiyi ictimai təşkilatın təşəbbüsü ilə gənc hüquqşünasların bilik və təcrübələrinin artırılması məqsədilə layihələrin həyata keçirildiyini deyib. C. Osmanlı Azərbaycanda gənclərin hüquq elmi sahəsinə maraqla yanaşdıqlarını da qeyd edib.

Sonra AHTA-nın Almaniya regional bölməsinin prezidenti Filip Hangedorn, beynəlxalq ekspert Rudolf Josofin, həmçinin bu qurumun Azərbaycanın nümayəndəliyinin sədri Kamal Cəfərov çıxış ediblər. Tədbir AHTA-nın Baş Qərargahının prezidenti Oskar Lema Buzanın çıxışı və ona ünvanlanan sualların cavablandırılması ilə davam etdirilib.

Avropa Hüquq Tələbələr Assosiyası (ELSA) müstəqil, qeyri siyasi, gəlir məqsədi güdməyən dünyanın ən böyük hüquq tələbələr təşkilatıdır