
“Antikorrupsiya Qış Məktəbi” II Gün
5 Fevral tarixində “Antikorrupsiya Qış Məktəbi”nin II günündə akademik proqram çərçivəsində bir sıra təlimlər keçirilmişdir. Bunlardan ilk olaraq “Milli Antikorrupsiya Strategiyası üzrə ictimai dinləmələr” mövzusunda simulyasiya təlimi baş tutmuşdur. Təlim Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi Kamal Cəfərov tərəfindən keçirilmişdir. Daha sonra Azərbaycan Respublikası Milli Məclisi Aparatının əməkdaşı, Beynəlxalq Antikorrupsiya Akademiyasının məzunu Vüqar Məmmədov tərəfindən “Etik qaydaların korrupsiyanın qarşısının alınmasında rolu: Parlament nümunəsi” mövzusunda təlim baş tutmuşdur. Günün sonunda isə “Korrupsiyaya qarşı mübarizə metodları – hüquqi vasitələr” mövzusunda təlim keçirildi. Bu təlimdə isə təlimçi qismində Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin böyük prokuroru, Antikorrupsiya sahəsində bir sıra beynəlxalq təşkilatlarda Azərbaycan nümayəndə heyətinin üzvü Elnur Musayev çıxış etmişdir.