Avropa Hüquq Tələbələr Assosiyası (ELSA) müstəqil, qeyri siyasi, gəlir məqsədi güdməyən dünyanın ən böyük hüquq tələbələr təşkilatıdır. ELSA Avropanın 42 ölkəsində, 210 universitetində 30,000-dən çox hüquq tələbələrini və gənc hüquqşunasları özündə ehtiva edir.

ELSA-nın Azərbaycanda təşəbbüs qrupunun əsası bir neçə hüquq tələbəsi tərəfindən 2010-ci ilin iyununda qoyulmuşdur. Elə həmin ayda təşəbbüs qrupu tərəfindən təşkil edilən prezentasyalardan aydın müşahidə etmək olar ki, hüquq tələbələrinin əksəriyyəti ELSA-nın Avropada təşkil olunmuş müxtəlif beynəlxalq tədbirlərində iştirak etməkdə, habelə bu təşkilatın digər üzvləri ilə möhkəm qarşılıqlı münasibətlər quraraq öz əlaqələrini genişləndirməkdə maraqlıdırlar.

Azərbaycan ELSA-nın Türkiyənin Alanya şəhərində keçirilən 58-ci Beynəlxalq Şuranın İclasında müşahidəçi üzv statusunu qazandı, beləki Azərbaycan səslərin çoxluğu ilə ELSA ailəsinə qəbul olundu.

Biz inanırıq ki, tələbələr ELSA-nın geniş fəaliyyət imkanları və beynəlxalq əməkdaşlıq vasitəsilə beynəlxalq hüquq sistemləri barədə dəyərli biliklər və təcrübə əldə edəcəklər. Və hər bir Azərbaycanlı hüquq tələbəsi idarəetmə, qrup fealiyyəti qabiliyyəti, praktiki iş təcrübəsi, Avropa dəyərlərini paylaşmaq və başqa imkanlardan faydalancaqlar.